IP telefoniya - (ing. Internet Telephony) danışığın İnternetlə ötürülməsi üçün IP protokolu bazasında qurulmuş texnologiyadır. IP telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP ünvan alırlar.

IP telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir.

İnternet şəbəkəsində xüsusi İnternet protokolları əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP protokolu təkcə İnternet şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm və s.) ötürülür. Beləliklə danışıq zamanı səs siqnalları sıxılmış verilənlər paketinə çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə göndərilir.

İnternet telefoniyada ötürücü xətt kimi İnternet kanallarından, IP Telefoniyada İnternet kanallarından və ya informasiyanın ötürülməsi üçün xüsusi ayrılmış rəqəmsal kanallardan istifadə edilir.

IP texnologiyası olduqca perspektivli bir informasiya verilişi sahəsidir. Əgər IP telefon rabitəsinin tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-ın Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-ın qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal verilişinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır.

Mütərəqqi texnologiya olan IP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və IP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq IP telefon üçün səsin sıxılması prosesində iki - GSM və TrueSpeech, daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirildi.

IP telefoniyada daha çox istifadə edilən terminlərdn biri olan VoIP (Voice over Internet Protocol ) son illər ərzində respublikamızın telekommunikasiya şəbəkəsində geniş istifadə edilir. Eurosel MMC istifadəçilərinə 2016-cı ilin may ayından etibarən VoIP xidməti göstərir.